...

Azərbaycan beynəlxalq "CanSat" müsabiqəsində uğurla təmsil olunub

Cəmiyyət Materials 17 İyun 2016 14:33 (UTC +04:00)
Milli Aviasiya Akademiyasının nəzdində yaradılan “NaaSAT” model peyk komandası Beynəlxalq “CanSat” (Model Peyk) müsabiqəsində iştirak edib.
Azərbaycan beynəlxalq "CanSat" müsabiqəsində uğurla təmsil olunub

Bakı. Trend:

Milli Aviasiya Akademiyasının nəzdində yaradılan “NaaSAT” model peyk komandası Beynəlxalq “CanSat” (Model Peyk) müsabiqəsində iştirak edib.

Komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Türkiyə və İsveçrənin qabaqcıl universitetlərinin qatıldığı 100-ə yaxın komanda sırasından seçilərək müsabiqənin son mərhələsinə vəsiqə qazanıb. Ölkəmizin ilk dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, “NaaSAT” komandası, hətta, ABŞ-ın bir sıra universitetlərinin təcrübəli komandalarını geridə qoyaraq peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçərək ilk 40 komanda sırasına düşüb və finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.

Komanda 11 iyun 2016-cı il tarixdə ABŞ-ın Texas ştatında keçirilən və müsabiqənin növbəti turu olan uçuş mərhələsində də iştirak edib. Bu mərhələdə peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu siqnal - telemetriya qəbul edilib.

Beləliklə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı ilk model peyk layihəsi uğurla sona çatıb və ölkədə kosmik sənayenin inkişafında irəliyə atılan növbəti uğurlu addım olub.

Bu da öz növbəsində, “Azərkosmos” və Milli Aviasiya Akademiyası timsalında elm-təhsil müəssisəsinin kommersiya müəssisəsi ilə uğurlu əməkdaşlığının bariz nümunəsi olub. Qeyd edək ki, model peykin ölkəmizdə istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kosmik sənayenin uğurlu layihələrindən biridir. Eyni zamanda, “CanSat” layihəsində iştirak etmək gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə yaratmış olub.

“Azərkosmos” ASC haqqında

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Milli Aviasiya Akademiyası haqqında

Milli Aviasiya Mərkəzi 15 iyun 1992-ci ildə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılıb. Mərkəz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyası (MAA) adlandırılıb. MAA-da Hava nəqliyyatı, Aerokosmik, Nəqliyyat texnologiyaları, Fizika-texnologiya, İqtisadiyyat və hüquq fakültələri fəaliyyət göstərir. Akademiyanın ən müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriyalarla, kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, müasir trenajor mərkəzi, idman kompleksi, təcrübə-sınaq istehsalat sahəsi, otel kompleksi, tələbə şəhərciyi vardır. İxtisaslaşdırılmış siniflər və auditoriyalar multimedia avadanlığı, tədrisə və biliyə nəzarətin texniki vasitələri ilə təchiz olunub.

“CanSat” müsabiqəsi haqqında

Kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş Beynəlxalq “CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də, kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti