Bakı. Samir Əli-Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan "Müsəlman Birliyi" adlı təşkilatın rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı və Azərbaycan Xalq Cəbhəsi Partiyasınin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, prosesdə prokuror ittiham aktını elan edib.
T.Bağırov, F.Qəhrəmanlı və digərləri elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Sonra T.Bağırov ittiham üzrə ifadə verib.
Proses davam edir.
Qeyd edək ki, T. Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.