...

Nazirlik: Ünvanlı sosial yardım alanların rayonlar üzrə fərqli olması təəccüblə qarşılanmamalıdır

Cəmiyyət Materials 28 Oktyabr 2016 16:42 (UTC +04:00)
Ünvanlı sosial yardım alanların rayonlar üzrə fərqli olmasını təəccüblə qarşılamağın özü elə təəccüb doğurur.
Nazirlik: Ünvanlı sosial yardım alanların rayonlar üzrə fərqli olması təəccüblə qarşılanmamalıdır

Bakı. Trend:

Sosial yardımların təyinatının rayon və şəhərlər üzrə statistikasını təhlil edərkən onların fərqli demoqrafik göstəricilərə və sosial-iqtisadi reallıqlara malik olduqlarını unutmaq lazım deyil. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda aztəminatlı ailələrin dövlət sosial yardım sistemindən rahat və şəffaf şəraitdə faydalanmaları üçün hər hansı məmur müdaxiləsi mümkün olmayan avtomatlaşdırılmış və mükəmməl infrastrukturun yaradılması ümumən ölkəmizdə elektron texnologiyaların geniş tətbiqi sahəsində mühüm nailiyyətlərdən biridir:

“Lakin son vaxtlar hansısa subyektiv ambisiyalardan qaynaqlanan əsassız iddialarla bu nailiyyəti gözdən salmağa cəhd edilməsi, bu mümkün olmadıqda növbəti mənasız cəhd kimi sosial yardım alan ailələrin ölkənin şəhər və rayonları üzrə fərqli statistikası barədə diletant mövqedən fikirlər yayımlanması yalnız təəssüf hissi doğurur. Ölkəmizdə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin respublikanın şəhər və rayonları üzrə fərqli statistikasının mövcud olmasının təəccüblə qarşılanması elə bu yanaşmaya təəccüb etməyə əsas verir. Qeyd edim ki, müvafiq sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin siyahıları nazirliyin rəsmi saytının ön səhifəsində “ÜSY alanların siyahısı” adı altında yerləşdirilir və bu bölmə hər bir kəsə açıqdır. Həmin bölməyə istinad edərək “araşdırmanın nəticəsi” kimi sosial yardım alan ailələrin ölkənin şəhər və rayonları üzrə fərqli statistikasını sensasiya səviyyəsində təqdim edilməsi, bu stastikanın fərqliliyinin əsasında ilk növbədə hər bir rayonun özünəməxsus demoqrafik və sosial-iqtisadi reallıqlarının durduğunu bilərəkdən “unudulğunu” göstərir. Məsələn, ünvanlı sosial yardım alan ailələrin sayının ən çox Lənkəran rayonunda olduğu, bu sayın Xocalı rayonu üzrə xeyli az olduğu diqqətə çatdırılır, lakin nədənsə Xocalı rayon əhalisinin sayı (27,8 min nəfər) ilə Lənkəran rayon əhalisinin sayı (223,1 min nəfər) arasında kifayət qədər böyük fərqin olduğu göstərilmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, respublikamızın cənub bölgəsində, o cümlədən Lənkəran, Masallı rayonlarında çoxuşaqlı ailələr ölkənin digər bölgələri ilə müqayisədə daha çoxdur. Məlumdur ki, ailə üzvlərinin ehtiyac meyarının məcmusu onların ümumi gəlirlərinin cəmindən yüksək olduqda sosial yardımların təyinatına hüquqi əsas yaranır. Və ailədə uşaqların sayının çox olması həmin ailənin üzvlərinin ümumi ehtiyac meyarı göstəricisinin də artmasına səbəb olur. Hazırda ölkədə ünvanlı sosial yardım alan ailələrin əhəmiyyətli bir hissəsini də məhz 3 və daha çox uşağı olan ailələr təşkil edir və sosial yardım təyin olunmuş ailələrdəki ailə üzvlərinin də təqribən yarısı uşaqlardır”.

E.Babayev deyib ki, Xocalı rayonu üzrə cəmi 43 ailənin ünvanlı sosial yardım almasına gəlincə, unutmaq lazım deyil ki, bu 43 ailə hazırda Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı rayon əhalisinə aid göstəricidir və rayonun əhalisinin bir hissəsi hazırda ayrı-ayrı rayonlarda da məskunlaşıb. Həmin rayonlar üzrə ünvanlı sosial yardımla təmin olunanların sırasında da Xocalı rayonundan olan ailələr var ki, onları da əlavə etdikdə bu rəqəmin daha da artdığını görərik. Bunu hazırda işğal altında olan digər rayonlara da aid etmək olar: “Sosial yardım alan ailələrin sayının daha çox Lənkəran rayonunda olduğu qeyd edilən “araşdırmada” az sonra bu fikir unudularaq paytaxtın bəzi rayonlarında sosial yardım alanların sayının bölgələrdəkindən çox olduğu bildirilir. Həm də bu zaman Bakının böyük əhali kontingentinin yaşadığı rayonlarla əhalisinin sayı 16,4 min nəfər olan Xızı rayonunun, 43,1 min nəfər olan Oğuz rayonunun və s. rayonların müqayisə olunması hansı obyektiv yanaşmaya əsaslanır?! Əhalisinin sayı cəmi 16,4 min nəfər olan Xızı rayonunda sosial yardım alanların sayının deyək ki, Bakının əhalisinin sayı 260 min nəfər olan Binəqədi rayonundakından xeyli az olmasında təəccüblü nə var?! Bölgələrdə əksəriyyətin pay torpağının olmasının sosial yardımın imtina olunmasına əsas yaratdığının qeyd olunması da ünvanlı sosial yardım barədə qanunvericilikdən xəbərsizliyin nəticəsidir. Belə ki, ailənin pay torpağının olmasına görə deyil, bu pay torpağından əldə edilən gəlirin ailənin ehtiyac meyarının məcmusundan yüksək olduğu hallarda sosial yardımın təyin edilməsindən imtina qərarı verilir”.

Şöbə müdiri onu da bildirib ki, aqrar sahənin inkişafına yönələn kompleks stimullaşdırıcı tədbirlər son illərdə bölgələrdə pay torpaqlarından səmərəli istifadəyə, kənd sakinlərinin bu torpaqlardan gəlir əldə etmə imkanlarının da artmasına səbəb olub. Bunun nəticəsində kənd əhalisinin sosial yardım üçün müraciətlərinin azalması müsbət məqam kimi qeyd olunmalı idi. Lakin nədənsə bu, az qala kədərlə ifadə edilir: “Bundan başqa, bölgələrdə sosial yardımla bağlı müraciətlərin azalmasına digər səbəb kimi müraciət edilməsindən ötrü bölgələrdə kompüter və internetə əlçatanlığın olmadığının qeyd edilməsi də əsassızdır. Bir daha qeyd edirik ki, həm şəhərlərdə, həm də kənd rayonlarında elektron müraciət etməkdə hər hansı çətinliklə üzləşən vətəndaşlar üçün alternativ variant kimi poçt şöbələrində də sosial yardımın alınması üçün elektron qaydada müraciət etmək imkanı yaradılıb. Bu məqsədlə elə ilk vaxtlardan poçt şöbələrində kompüter və vətəndaşlara müvafiq texniki köməklik göstərilməsi üçün əməkdaş ayrılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti