...

İŞİD-də döyüşən azərbaycanlılardan ibarət daha bir dəstənin məhkəməsi başladı

Cəmiyyət Materials 31 Oktyabr 2016 16:19 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İŞİD-də döyüşən azərbaycanlılardan ibarət daha bir dəstənin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin ilkin baxış iclası noyabrın 4-nə təyin edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin bu ilin fevral ayında yaydığı məlumata görə, adıçəkilən şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraq ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi də davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Mirzəbəyovun vəkili çıxış edib.

Vəkil çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir qruplaşmanın tərkibində iştirak etməyib və verilən ittihamlarla razı deyil.

Möhkəmənin növbəti iclası noyabrın 7-nə edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Ə.Şamxalovun 3 il 6 ay, E.Mirzəbəyovun 8 il, N.Quliyevlə R.Bədəlovun hər birinin 13 il və B.Şirinovun, İ.Əzizovun və E.Əzizovun hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Zaur Heydərov, Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov, Əfqan Şamxalov, Vaqif Talıbov, Rufan Ağcabəyov, və Elşən İsmayılovu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Müəyyən edilib ki, Z.Heydərov, E.Əzizov, V.Talıbov, R.Ağcabəyov və E.İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti