Bakı. Elçin Mehdiyev - Trend:
2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib.
Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.
Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.
Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılmış və seriyalı istehsalı mənimsənilib.