Bakı. Trend:
Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib.
Trend-in məlumatına görə, yazıda Azərbaycanın çar Rusiyasının işğalından xilas olmasından və Xalq Cümhuriyyətinin qurulmasından, 1918-ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra paytaxt elan olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından - Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hacınskidən, Bakı Dövlət Universitetinin açılmasından və s. danışılıb. AXC dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944), ABŞ-dan (1920) öncə olub.
M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyiminin XX əsrin sonlarında başlanan müstəqillik hərəkatının şüarına çevrildiyini yazan soydaşımız əlavə edib ki, bu il həm Azərbaycanda, həm də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar AXC-nin 100 illiyini böyük bayram kimi qeyd edəcəklər. Yazıda Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik qazandığı, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonunu işğal etdiyi, BMT-nin dörd qətnaməsinə (qətnamələrin nömrələri göstərilməklə) məhəl qoymaması, Xocalı soyqrımı xüsusi qeyd olunub. Daha sonra soydaşımız qeyd edib ki, Azərbaycan xalqı torpaqlarını sülh yolu ilə geri almağa çalışır, əgər bu alınmayacaqsa, müharibə qaçılmaz olacaq. Soydaşımız yazını belə bitirib:
“AXC-nin 100 illiyi yüksək səviyyədə qeyd ediləcək. Azərbaycanlılar öz ölkələri ilə fəxr edirlər. Azərbaycan Prezidenti AXC-nin 100 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalayıb. Azərbaycan xalqı hamılıqla bu yubileyi qeyd edəcək və onlar bir daha bayraqlarının enməsinə imkan verməyəcəklər. Necə ki, M.Ə.Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq, bir daha enməz!””.