...

Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib

Cəmiyyət Materials 19 Sentyabr 2018 14:40 (UTC +04:00)

Bakı. Trend:

İsrailin paytaxtı Tel-Əviv şəhərində sentyabrın 02-06 tarixlərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilib.

Trend-in məlumatına görə, tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfındən İsrailin Səhiyyə Nazirliyi və Tel-Əviv Universitetinin dəstəyi ilə Dan Tel-Əviv otelində təşkil olunub. Konqresdə məhkəmə təbabəti və tibbi hüququn ən aktual elmi və praktiki problemləri müzakirə olunub:

- məhkəmə-tibbi ekspertiza;
- hüquqi məsuliyyət və risklərin qiymətləndirilməsi;
- pasiyent hüquqları və pasiyent təhlükəsizliyi; səhiyyə qanunvericiliyi və tibbi etika;
- həyatın başlanğıcında və sonunda olan hüquqi və etik məsələlər;
- reproduktiv texnologiyaların hüquqi və etik məsələləri;
- bioetika və insan haqları;
- ruhi sağlamlıq sahəsində hüquqi və etik məsələlər;
- ictimai səhiyyə və ekoloji etika;
- humanitar təbabət;
- din və tibbi etika, tədqiqat etikası və hüquq;
- orqan və toxumaların transplantasiyası;
- genetika, etika və hüquq.

2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Qurban oğlu Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilib.

Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunub ki, komitədə o, Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail, Rusiyadan olan professorlarla birgə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsi ilə bağlı layihələr həyata keçirəcəklər. 2019-cu ildən professor Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində ölkəmizi təmsil etməyə səs toplayıb. Sevindirici hallardan ən əsası odur ki, konqresdə Azərbaycanı tək alimlərimiz deyil, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də çox səviyyəli təmsil ediblər.

Xatırladaq ki, DTHA 2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda, "JW Marriott Absheron" otelində "Paşa Travel" və "Türk Hava Yolları" şirkətlərinin dəstəyi ilə 23-cü Dünya Tibbi Hüquq Konqresini keçirib. DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və bir çoxmilli peşəkar assosiasiyaları ilə əməkdaşlıq edir. DTHA-nın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. DTHA təsisçilərindən biri və hazırkı prezidenti professor Tomas Noquçi Amerikanın əfsanəsi, "ulduzların eksperti", dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən hesab olunur. 20 ildən çox Kaliforniyanın və Hollivudun baş məhkəmə-tibbi eksperti olduğu üçün senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məşhurlann qətl və müəmmalı ölüm işlərinin tədqiqatçısı olub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ höküməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.

Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevaya "WAML 50th GOLDEN ANNIVERSARY AWARD" təltifi və DTHA-nın fəxri diplomu 11 iyul tarixində keçirilən konqresin açılış mərasimində təqdim edilib. Mehriban xanım Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təbliğindəki səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

DTHA-nın rəsmi veb-saytında tədbir haqqda əlavə məlumat əldə etmək olar: wafml.inemberlodgc.org Hthewaml.com

25-ci Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində DTHA tərəfindən Tokio və Vaseda Universitetlərinin dəstəyi ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti