Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda “Dəyişən dünyada davamlı sülh və inkişaf” mövzusunda XIV Ali səviyyəli toplantısı keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, toplantının açılışında Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Bolqarıstan Baş naziri Boyko Borisov, Rumıniya Baş nazirin müavini Anna Birchall (Baş naziri xanım Vlorica Dancila adından ) və mərkəzin həmsədri İsmayıl Serageldin çıxış edib.
Malta Baş naziri Joseph Muskat, Makedoniya Prezidenti Georgi İvanov, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Finlandiyanın sabiq prezidenti Tarya Hallonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, Latviyanın sabiq prezidenti Valdis Zatlers, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Amir Musa, Rumıniya və Fələstinin baş nazirlərinin müavinləri də toplantıda iştirak edib.
Çıxışlarda dünyanı narahat edən sülh və təhlükəsizlik problemləri haqqında danışılıb. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı ilə bağlı geniş müzakirələr aparılb. Bu proqramın Avropa İttifaqının genişləndirilməsi, regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və inteqrasiyanın təmin olunması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Avroatlantik münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb, ideya və təşəbbüslər geniş müzakirə edilib.
Toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar şurasınını sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.