Bakı. Trend:
Azərbaycanın görkəmli fiziki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunan poçt markası dövriyyədədir.
"Azərpoçt" MMC-dən Trend-ə verilən məlumata görə, orijinal markanın kiçik vərəqinin ölçüsü 150x114 mm, markanın ölçüsü isə 40x28 mm-dir. Dizaynı Anar Mustafayeva aid olan bu marka Belarusun Bobruysk şəhərinin “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.
Poçt markası 25 dekabr 2018-ci ildə tədavülə buraxılıb. Tiraji 49 950 nüsxə təşkil edib. Markaya əlavə olaraq 200 ədəd "Birinci gün" zərfi də hazırlanıb.
H.Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini qoymaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.
Qeyd edək ki, 2018 ildə Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.