Bakı. Trend:
Qərbi Kaspi Universitetində “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika elmi konfransı keçirilib.
Trend-in məlumatına görə, konfransa Qərbi Kaspi Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututları, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Heydər Əliyev adına AAHM, Sumqayıt Dövlət Universitetinin mütəxəssisləri, tədiqatçıları qatılıb.
Konfarnsın açılışında çıxış edən Qərbi Kaspi Universitetinin rektoru, professor Andres Leitas universitetin müxtəlif elm sahələri üzrə tədiqatların aparılmasına xüsusi diqqət yetirdiyini qeyd edib: “Universitetin intellektual bazasını elmi tədqiqata yönləndirməyi düşünürük. Məqsədimiz yüksək səviyyəli təhsil standartlarını qorumaq və şaxələndirməklə yanaşı nəinki regionda, bütün dünyada tanınan nüfuzlu tədqiqat universitetinə çevrilməkdir”.
A.Leitas universitetin son illərdə həyata keçirdiyi proqramlar barədə məlumat verib, yeni qurulan unikal laboratoriya və mərkəzlərin tələbələrin daha yüksək keyfiyyətli təhsil almaq, praktik biliklərə yiyələnmək baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən filologiya elmləri doktoru Sevinc Əliyeva, filologiya elmləri doktoru, professor Lalə Quliyeva, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və başqaları konfransın əhəmiyyətinə toxunub, Qərbi Kaspi Universitetinin elmin aktual istiqaməti üzrə tədqiqatçıları bir araya gətirməsinin yeni tədqiqatlara yol açacağına əmin olduqlarını bildiriblər.
Daha sonra konfrans işini plenar iclaslarda davam etdirib, mövzu ilə bağlı məruzələr dinlənilib.
Konfransda onomastik vahidlər, onların xalqın tarixindəki rolu, qədim abidələrin dilindəki onomastik vahidlər, onomastik vahidlərin poetik-üslubi xüsusiyyətləri, onomastik normalar haqqında, yazıçı və şairlərin əsərlərindəki onomastik vahidlər, onomalogiyanın nəzəri əsasları, onomastik mənbələrin xarakteristikası və s. mövzular ətrafında müzakirələr aparılıb.