...

“Azərenerji” yenidən qurulan “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib

Cəmiyyət Materials 11 Fevral 2020 12:40 (UTC +04:00)
“Azərenerji” ASC 2018-ci ilin payızından başlayan “Reabilitasiya Proqramına” əsasən yenidən qurulan və ölkə Prezidentinin iştirakı ilə istismara verilən 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib.
“Azərenerji” yenidən qurulan “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib

Bakı. Samir Əli - Trend:

“Azərenerji” ASC 2018-ci ilin payızından başlayan “Reabilitasiya Proqramına” əsasən yenidən qurulan və ölkə Prezidentinin iştirakı ilə istismara verilən 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib.

Trend-in məlumatına görə, “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, “Reabilitasiya Proqramı” çərçivəsində ölkənin ən böyük 12 elektrik stansiyası və 20-dək yarımstansiyada yenidənqurma, təmir, bərpa işləri aparılır və “Dübəndi”yarımstansiyası da sökülərək tam yenidən qurulan yarımstansiyalardandır:

"Artıq proqrama əsasında yenidən qurulan “Müşfiq”, “Zabrat” və “Dübəndi” yarımstansiyaları istismara verilib. “8-ci kilometr” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. “Xırdalan”, “Əhmədli” və “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir".

Teymur Abdullayevin sözlərinə görə, yarımstansiyaların yenidın qurulmasının bir sıra aspektdən əhəmiyyəti var:

"Qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir. Bu səbəbdən də 67 il əvvəl istismara verilən açıq tipli 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyası qapalı şəkildə yeni texnologiyalar əsasında tam yenidən qurulub. Yaranan qısa qapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yarımstansiyanın transformatorları daha güclü transformatorlarla əvəz edilib, rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə binası tikilib. Nəticədə güc defisiti aradan qaldırılmaqla, etibarlıq və dayanıqlıq təmin edilib. Beləliklə, Abşeron yarmadasında yerləşdiyindən yarımstansiyanın elektrik avadanlıqlarının açıq şəraitdən qapalı şəraitə keçirilməsi atmosfer şəraitinin aşılayıcı təsirinə məruz qalması təhlükəsindən çıxarılıb. Dispetçer İdarəetmə Mərkəzi və yarımstansiyanın mikro SKADA sistemi yaradılıb. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji durumun yaxşılaşdırılması məqsədilə sökülmüş köhnə paylayıcı qurğuların ərazisində abadlaşdırma işləri aparılıb, yüzlərlə ağac və dekorativ bitkilər əkilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti