Bakı. Samir Əli - Trend:
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryolu körpüsünün söküntü işləri başa çatıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, ərazidə yeni dəmiryolu körpüsünün inşası işlərinə start verilib:
"Artıq yeni körpünün dəmir konstruksiyalı dayaqları quraşdırılıb. Qısa müddət ərzində işlərin yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Körpünün inşası bu ilin noyabr ayında başa çatdırılacaq.
Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmiryolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.
Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək".