...

Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə

Cəmiyyət Materials 3 Dekabr 2021 15:01 (UTC +04:00)
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə

Bakı. Samir Əli - Trend:

Amnistiya aktının icrası prosesində Ədliyyə Nazirliyi ilə yanaşı prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür.

Bunu Trend-ə açıqlamasında Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin prokuroru Heydər Yusifzadə deyib.

"Amnistiya aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub. Qərarın icrası çərçivəsində Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin üzərinə məsuliyyətli iş düşür. Baş Prokuror Kamran Əliyevin təşəbbüsü ilə yaradılan bu idarədə Amnistiya aktı tətbiq edilən və müvafiq maddələr üzrə cəzaçəkmə müəssisəsində olan məhbusların sənədlərinə baxılıb. Penitensiar Xidmətin, Probasiya İdarəsinin və Ədliyyə Nazirliyinin müvafiq qurumları bu qərarın icrasında birlikdə çalışırlar. Baş prokurorun birbaşa nəzarəti altında qərarın icrası istiqamətində zəruri olan bütün tədbirlər görülür. Bu cür humanist addım atdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürlərimizi bildiririk"-deyə H.Yusifzadə bildirib.

O bildirib ki, qərarın 8-ci bəndinə əsasən qərarın 1.1 - 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq Cinayət təqibi başlanmış, əvvəl başlanılmış cinayət təqibinə isə xitam verilir. (Bu qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti