...

Nüfuzlu "Pubmed" jurnalında Mərkəzi Gömrük Hospitalında icra olunan transplantasiya əməliyyatlarının statistikası dərc olunub

Cəmiyyət Materials 25 Mart 2022 12:16 (UTC +04:00)

Bakı. Trend:

Nüfuzlu elmi “PubMed” jurnalında Azərbaycanda orqan transplantasiyasının tarixinə həsr olunmuş "Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının qısa tarixi” adlı məqalə dərc edilib. Məqalənin müəlliflərindən biri AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovdur. Məqalədə qeyd edilib ki, 2021-ci ilə qədər ölkəmizdə 898 böyrək, 252 qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Mərkəzi Gömrük Hospitalı Azərbaycanda transplantasiya əməliyyatları həyata keçirən 7 tibb müəəssisəsindən biridir.

Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyasının təşəbbüskarı və təşkilində mütəxəssislərlə yanaşı, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rolunu xüsusi qeyd etmək lazımdır. Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazımi Respublikamızda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası etməklə bərabər, Mərkəzi Gömrük Hospitalı ölkəmizdə və regionda ən çox orqan transplantasiyası edən və bu sahədə bir çox ilklərə imza atan tibb müəssisəsidir.

Belə ki, 28 noyabr 2010-cu il tarixindən Mərkəzi Gömrük Hospitalında Dr.Nuru Bayramov, Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovun və digər həkimlərlə birgə canlı donor qaraciyər transplantasiyasına başlanılmış, 2014-cu ilə qədər davam edən bu müddət ərzində 9 xəstə canlı donordan qaraciyər transplantasiyası almışdır. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında böyrək transplantasiyası əməliyyatlarına başlanılmış və bu müddət ərzində Dr.Mircəlal Kazıminin rəhbərliyi altında 119 böyrək transplantasiyası, Dr. Mircəlal Kazımi və Kamran Beydullayev tərəfindən 98 xəstəyə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Həmçinin, Azərbaycanda Transplantasiya əməliyyatları ilə bağlı yeni qanun layihəsi 1 yanvar 2022-ci ildən qüvvəyə minib. Bu qanun layihəsinin hazırlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov, Orqan Transplantasiyası şöbəsinin rəisi Dr.Mircəlal Kazımi də iştirak ediblər. Xatırladaq ki, bu sahə üzrə 15-ə qədər azərbaycanlı həkimin, o cümlədən Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovun, Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova da daxil olmaqla məqalələri müxtəlif tarixlərdə “PubMed” jurnalında dərc olunub. Məqalənin linki: http://www.ectrx.org/detail/epub/1/1/1/0/1386/0

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv Dr.Nuru Bayramovu və onun həmkarlarını bu münasibətlə təbrik edir, onlara peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

Xəbər lenti

Xəbər lenti