...

İnsan alverinə qarşı mübarizə ilə bağlı idarələrarası komissiyaların tərkibi yenidən formalaşdırılacaq

Cəmiyyət Materials 27 Aprel 2022 14:48 (UTC +04:00)
İnsan alverinə qarşı mübarizə ilə bağlı idarələrarası komissiyaların tərkibi yenidən formalaşdırılacaq

Bakı. Trend:

“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin yarımbənddə insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması nəzərdə tutulüb.

Qeyd edilən yarımbəndin icrası ilə əlaqədar insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın hüquqi statusuna dair məsələlərin tənzimlənməsi məqsədilə adıçəkilən Qərar qəbul edilib.

Bundan sonra İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın tərkibi aidiyyəti təşkilatların rəhbər müavinlərindən və bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət olmaqla yenidən formalaşdırılacaq, idarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında müvafiq beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin komissiyanın işinə cəlb edilməsi mümkün olacaqdır. Həmçinin idarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi, vəzifə funksiyaları və s. məsələlər dəqiq tənzimlənəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti