...

Neft Daşlarına mediatur təşkil olunub (FOTO)

Cəmiyyət Materials 18 İyul 2022 14:20 (UTC +04:00)
Neft Daşlarına mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin və SOCAR-ın birgə təşkilatçılığı ilə iyulun 18-də media nümayəndələrinin Neft Daşlarına səfəri təşkil olunub.

Trend-in məlumatına görə, səfər ölkəmizin çap və elektron kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün maraqlı və zəngin proqramla yadda qalıb.

Səfər müddətində KİV nümayəndələri Neft Daşlarının Azərbaycanın neft tarixində oynadığı rol, ümummilli lider Heydər Əliyevin istər birinci, istərsə də ikinci dəfə ölkəmizdə siyasi rəhbərliyi dövründə neft sənayesinin inkişafında xidmətləri, həmçinin fədakar neftçilər və onların ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə verdiyi töhfələr barədə geniş məlumat verilib.

Mediatur çərçivəsində KİV nümayəndələri, həmçinin neftçilərin iş şəraiti, dünyanın 8-ci möcüzəsi kimi də tanınan Neft Daşlarındakı maraqlı yerlərlə tanış olublar.

Səfərdə, həmçinin Vətən müharibəsi qaziləri və veteran neftçilər iştirak ediblər.

Neft Daşlarında qonaqları Neft-qaz çıxarma idarəsinin rəisi Balaəli Cəfərov qarşılayıb.

İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neft Daşlarında ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan muzey ilə tanış olublar. Nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar haqqında məlumat verilib.

Sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi və Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Qarabağ qazisi Zahid Məmmədkərimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş neftçilərin abidə kompleksinin qarşısında həmkarlarının qəhrəmanlığından danışıb.

Səfər iştirakçıları daha sonra dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olublar. Onlara quyunun tarixi və istismar dövrü barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına baş çəkib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilən görüşdə “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov Milli Mətbuat Günü münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən qocaman neftçi professor Alçın Şirinzadə müxtəlif vaxtlarda media nümayəndələri ilə görüşlərindən məmnunluqla danışıb, medianın cəmiyyətin həyatında oynadığı mühüm roldan söhbət açıb. Neft istehsalında qazandığı təcrübənin və onun elmi nəzəriyyələrlə sintezinin qazandırdığı uğurlarda kütləvi informasiya vasitələrinin xidmətini diqqətə çatdıran alim media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.

Tədbir neftçilərin təqdimatında Milli Mətbuat Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti