Bakı. Trend:
Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası və Geologiya və Geofizika İnstitutunun birgə təşkilatçılığı ilə Akademik Musa Əliyevin gündəlikləri əsasında yazılmış kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə sentyabrın 13-də ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hökumət üzvləri, AMEA-nın nümayəndələri, millət vəkilləri, elm xadimlər və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Musa Əliyevin gündəlikləri əsasında tərtib olunmuş kitabı yüksək ədəbi, mənəvi və ibrətamiz dəyərə malik kitab kimi qiymətləndirib. ADNSU-da akademik Musa Əliyevin qoyduğu irsin, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyini deyən rektor M.Babanlı kitabı mütalə etdikdən sonra görkəmli akademiki həm də Azərbaycanın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən bilən, yüksək mənəvi və vətəndaş dəyərlərinə sahib böyük insan kimi bir daha kəşf etdiyini vurğulayıb.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə görkəmli alim Musa Əliyev haqqında xatirələrini bölüşüb. O, Azərbaycanda geologiya elminin inkişafına fundamental töhfələr vermiş Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin əsasını qoymuş dünya şöhrətli geoloq alimin gündəlikləri əsaında yeni nəşr olunan kitabı böyük bir tarixi salnamə kimi qiymətləndirib.
Akademik Musa Əliyevin həyat yolunu əks etdirən videokollaj nümayiş etdirildikdən sonra kitabın tərtibatçısı, tanınmış yazıçı-publisist Nadejda İsmayılova görkəmli akademik haqqında fikirlərini bölüşüb. O, akademik Musa Əliyevin gözəl, bədii yazı üslubu, öz fikirlərini aydın və səlis ifadə etməsi sayəsində kitabın tərtibatı işinin maraqlı və zövqlü olduğunu bildirib və Musa Əliyev kimi görkəmli alimin haqqında yazılan kitabın müəllifi olmaqdan böyük qürur hissi keçirdiyini vurğulayıb.
ADA Universitetinin akademik işlər üzrə prorektoru, Dr. Vəfa Kazdal görkəmli alimin Elmlər Akademiyasının prezidenti kimi elmi işlərin təşkilində səmərəli və əvəzsiz xidmətlərindən söz açıb. Kitab haqqında təəssüratlarını bölüşən Dr. V.Kazdal akademikin elmlə yanaşı onun gündəliklərində təbliğ etdiyi humanist və insani dəyərlərdən danışıb.
Musa Əliyev haqqında xatirələrini bölüşən akademikin nəvələri Nailə Əliyeva və Cəmilə Paşayeva-Seyidzadə belə bir təqdimat mərasimində olmaqdan məmnun olduqlarını bildirib və alimin öz dəsti-xətti ilə yazdığı gündəlikləri əsasında tərtib olunmuş kitabın böyük həyəcanla oxuduqlarını, hər sözün, hər cümlənin onlarda xoş xatirələr canlandırdığını qeyd ediblər.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev akademik Musa Əliyevin gündəliklərindəki qeydlərin alimin hər şeydən öncə böyük ürəyə malik alicənab, ədalətli, zəhmətkeş insan olduğunu nümayiş etdirdiyini söyləyib. O, akademik Musa Əliyevin geologiya elminə gətirdiyi yeniliklərin dünya geologiya elminə mühüm töhfə verdiyini qeyd edərək, onun elmi nailiyyətlərin böyük praktiki əhəmiyyət kəsb etdiyini vurğulayıb və əfsanəvi “Neft Daşları”nın ideya təşəbbüskarı olmasını qeyd edib. Prof. Hafiz Paşayev həyatı, əməlləri, elmi ilə ucalan böyük alimin ömür yoluna işıq tutan yeni kitabın onilliklər, yüzilliklər sonra da gənc nəslin tərbiyəsi və təkmilləşməsi üçün gözəl nümunə olcağına ümidvar olduğunu deyib və kitabın daha geniş auditoriyaya çatdırılmasının, Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini vurğulayıb.