...

Azərbaycan İnşaatında Heydər Əliyev İrsi – Ulu Öndərin xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2023 19:25 (UTC +04:00)
Azərbaycan İnşaatında Heydər Əliyev İrsi – Ulu Öndərin xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin təşkilatçılığı ilə ulu öndər, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan İnşaatında Heydər Əliyev İrsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AzMİU-dan Trend-ə verilən məlumata görə, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev konfransı açıq elan edib, Azərbaycan Respublikasının qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən söz açıb. Ulu öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyətindən bəhs edib. Onun rəhbər vəzifəyə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdiyini vurğulayıb. Dekan Heydər Əliyevinin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurların əldə olunduğunu, yeni yaşayış massivlərinin salındığını, ucqar rayonlara qaz xətlərinin çəkildiyini deyib.

AzMİU-nun ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Orxaqn Naqdiyev Ulu Öndərin təhsil və gənclər siyasətinə diqqət çəkib. Prorektor hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsini, onun təşəbbüsü və gərgin səylərilə Cənubi Qafqazın, o cümlədən ölkəmizin memarlıq və inşaat sahəsi üzrə ilk və ən böyük ali məktəbi – İnşaat Mühəndisləri İnsititunun (indiki Memarlıq və İnşaat Universiteti) yaradılmasını xüsusilə qeyd edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvi, AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. O, qeyd edib ki, Ulu Öndərin dövründə əsası qoyulan gənclər siyasəti gənclərin imkan və bacarıqlarını düzgün qiymətləndirməyə, onların fərdi inkişafı ilə dövlətimizin inkişafına zəmin yaradıb.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Dahi liderin bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışdığını deyib. Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı onun davamçısı İlham Əliyevin dünyada güclü və nüfuzlu dövlətə çevirdiyini diqqətə çatdırıb.

Daha sonra İctimai fənlər kafedrasının dosenti Gülnarə Abbasovanın “Azərbaycan gənclərinin inkişafıda Heydər Əliyev məktəbinin əvəzsiz rolu”, İnşaat konstruksiyaları kafedrasının baş müəllimi Masil Dəmirovun “Heydər Əliyev – Müasir Azərbaycanın Banisi” adlı məruzələri dinlənilib.

Konfrans müzakirələr və məruzəçilər tərəfindən iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti