Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq
İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin
komandanı təyin olunub
Trend N.İslamzadənin dosyesini
təqdim edir:
O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində
anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki
76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali
Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprel
ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra
Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali
Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin
sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə
Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və
1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.
N.İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir
rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.
2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın
aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və
2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının
müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.
O, 2005-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2008-ci ildə
"Azərbaycan Bayrağı" ordeni, 2020-ci ildə "Vətən uğrunda" medalı
ilə təltif olunub, 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna
"Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi
igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq
Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə ""Füzulinin azad olunmasına
görə"" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq
Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına
görə" medalı ilə təltif olunub.
Polkovnik N.İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali
hərbi rütbəsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli
Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley
medalı ilə təltif edilib.