Bakı.Trend:
Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək.
Trend xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
"Şəhərin müxtəlif yerlərində olduğu kimi, Zərifə Əliyeva küçəsində də avtobus zolağının effektiv olacağını düşünürük. Bu barədə layihə artıq hazırdır", - deyə A.Rzayev qeyd edib.
O bildirib ki, Zərifə Əliyeva küçəsindən bir saat ərzində avtobuslarla 8 min sərnişin daşınır.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihə ilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov, Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.