Bakı. Trend:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında tarixi, mədəni, etnik və dil bağlılığına əsaslanan qardaşlıq münasibətləri daim inkişaf etməkdədir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu münasibətləri rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltdi.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu sənəd iki qardaş dövlətin regional və beynəlxalq səviyyədə bir-birini dəstəklədiyini bir daha təsdiqləməklə yanaşı, gələcək əməkdaşlığın yeni istiqamətlərini də müəyyən etdi.
A.Həsənova qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır:
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Prezident İlham Əliyev sənədi əhəmiyyətini vurğulayaraq bildirib ki, “imzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir”.
Deputat əlavə edib ki, Şuşa Bəyannaməsi Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar fonunda imzalanıb:
“2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar Azərbaycan-Türkiyə münasibətlərinin yeni səviyyəyə keçməsini tələb edirdi. Bu bəyannamə, təkcə iki ölkənin deyil, bütövlükdə türk dünyasının həmrəyliyinin göstəricisi kimi də qiymətləndirilə bilər.
Bəyannamənin Şuşada imzalanması isə xüsusi simvolik məna daşıyır: bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının, eləcə də Şuşanın tarixi əhəmiyyətinin beynəlxalq səviyyədə tanınmasının təzahürüdür”.