Bakı. Trend:
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir.
Trend xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin müraciətində əks olunub.
Bildirilir ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?
1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif
aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“
Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə
ödənişsiz məsləhət ala;
2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə
saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;
3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin
xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;
4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.
Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk
etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən
sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul
olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən
qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin
ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya
Konsulluğa müraciət etməlisiniz.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!
