...

"Yeni fikir" Gənclər Təşkilatının sədr və müavinlərinə hökm oxunub

Cəmiyyət Materials 12 İyul 2006 19:05 (UTC +04:00)

İyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Yeni fikir" Gənclər Təşkilatı liderlərinin işi ilə bağlı məhkəmə iclası keçirilib. Trend in məlumatına görə, hakim Tofiq Paşayevin sədrliyi ilə keçən iclasda gənclər təşkilatının rəhbərləri barəsində hökm çıxarılıb.

Məhkəmə "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlini 7 il, onun müavini Ramin Tağıyevi 4 il müddətinə ciddi rejimli kalonda saxlanmaqla azadlıqdan məhrum edib. Təşkilat sədrinin digər müavini Səid Nuriyevin səhhəti nəzərə alınaraq ona 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

İyulun 10-da prokurorun ittiham nitqindən sonra Ruslan Bəşirli məhkəmənin qərarı ədalətli olmasa aclıq aksiyasına başlayacaqlarını söyləyib. Təşkilatın sədr müavini Səid Nuriyev isə sona qədər mübarizə aparacaqlarını deyib: "Bizim siyasi məhbus olduğumuz beynəlxalq qurumlarda şübhə doğurmur və tezliklə həmkarlarım azad olunacaqlar".

Qeyd edək ki, "Yeni Fikir" Gənclər Təşkilatının rəhbərləri ötən il avqustun 4-də hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunaraq həbsə alınıblar.

Qeyd edək ki, Ruslan Bəşirlinin vəkili Osman Kazımov məhkəmə prosesində iştirak etməyib. Onun sözlərinə görə, hökmün oxunması barədə ona heç bir məlumat verilməyib. Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti