...

Haaqa Azərbaycan Kültür Dərnəyi Avropadakı diaspor təşkilatları ilə birgə layihələr həyata keçirəcək

Cəmiyyət Materials 31 Avqust 2006 17:33 (UTC +04:00)

Bu günlərdə Niderland Krallığının Haaqa şəhərində fəaliyyət göstərən "Azərbaycan Kültür Dərnəyi"nin yeni seçilmiş İdarə Heyətinin yığıncağı keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Toplantıda Kültür Dərnəyinin keçdiyi yol, gördüyü işlər müzakirə edilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. İdarə Heyətinin üzvləri bildirib ki, Azərbaycan Kültür Dərnəyi Haaqada yaşayan coxsaylı soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanın qədim və zəngin mədəniyyətinin Niderland ictimaiyyətinə çatdırılması məqsədilə qurulsa da, dəyişən zamanın yeni şərtləri təşkilatın daha geniş spektrdə fəaliyyət göstərməsini zərurətə çevirib. Qeyd olunub ki, hazırda cəmiyyət Haaqa şəhəri və onun ətrafında yaşayan bütün azərbaycanlıları öz ətrafında birləşdirən mərkəzə çevrilib.

Dərnəyin ilk sədri Fərhad Atəş, İbrahim Qarabağ, Agah Yoncalı, Cəlal Qaragöz kimi dəyərli insanların səyləri nəticəsində Azərbaycan Kültür Dərnəyi 1995-ci ilə qədər Tovuz, Qazax, Çənlibel, Aqstafa və Bakıda xeyriyyə aksiyaları keçirib, Novruz bayramı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 28 May Respublika Günü kimi bayramlarda Haaqada toplantılar və konfranslar təşkil edib.

Azərbaycanın Avropadakı səfirlikləri və nümayəndəlikləri ilə yaxın münasibətləri olan "Azərbaycan Kültür Dərnəyi"nin əsas məqsədi Azərbaycanda baş verən prosesləri yaxından izləyərək, bu haqda məlumatların Avropa mediasına çatdırılmasına nail olmaqdır.

Dərnəyin İdarə Heyətinin sədri İlhan Aşkin Azərbaycan Kültür Dərnəyinin Avropadakı bütün Azərbaycan mədəniyyət mərkəzləri və diaspor təşkilatları ilə əlaqələrinin genişləndirilməsi və birgə tədbirlər həyata keçirməsi ilə bağlı layihələrin hazırlandığı bildirib.

Xəbər lenti

Xəbər lenti