...

AMEA prezidenti: "Son bir ildə akademiyanın 3000 nəfər işçisi ixtisar olunub"

Cəmiyyət Materials 18 Aprel 2007 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yenə də ixtisarlar aparıla bilər. Bu barədə çərşənbə günü Bakıda AMEA prezidenti Mahmud Kərimov məlumat verib.

O qeyd edib ki, son bir ildə akademiya işçilərinin sayı 12 000-dən 9000-dək azaldılıb. Nəticədə 3000 nəfər ixtisara düşüb.

M.Kərimov bildirib ki, ixtisarlar akademiya işçilərinin sayının optimallaşdırılması ilə bağlıdır: "Akademiya işçilərinin sayı və strukturların işi təkmilləşdirilməlidir. Bu işlər davam etdiriləcək", -deyə M.Kərimov əlavə edib.

M.Kərimov deyib ki, akademiyanın bütün strukturlarının bir binada yerləşdiriləcəyi haqda yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, əsas binada yerləşən strukturlar öz fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər: "Ola bilər ki, akademiyanın Rəyasət Heyəti tam tərkibdə olmasa da, qismən əsas binaya köçürülsün."

Xəbər lenti

Xəbər lenti