...

Milli Teleradio Şurasının sədri: "İnternet vasitəsilə televiziya və radio yayımı müvafiq icazə əsasında ola bilər"

Cəmiyyət Materials 30 May 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ İnternet vasitəsilə televiziya və radio yayımı müvafiq icazə əsasında ola bilər. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərəmli məlumat verib.

Məhərrəmli qeyd edib ki, televiziyanın hansı formada yayımlanmasının heç bir fərqi yoxdur və bu proses tənzimlənməlidir.

"Lakin Azərbaycan cəmiyyəti buna hazır deyil. Əksəriyyət hələ də başa düşmür ki, televiziyanın hansı formada - internetlə, peyklə və ya kabel televiziyası ilə yayımlanmasının heç bir fərqi yoxdur. Əgər kimsə internet vasitəsi ilə özünün hansısa çəkilişini, məhsulunu və ya musiqi yayırsa, bu başqa məsələdir. Bu, dünyada qəbul olunmuş variantdır və biz bunun qarşısını almaq niyyətində deyilik", -deyə Teleradio Şurasının sədri əlavə edib.

Hər bir insanın internetdə televiziya yayımı ilə məşğul olmaq imkanının olduğunu deyən Məhərrəmli vurğulayıb ki, qanunda televiziya proqramlarının hazırlanması üçün müəyyən şərtlər var və onlara əməl olunması vacibdir: "Məsələn, uşaqlar üçün hazırlanan verilişlərə reklam rolikləri və pornoqrafiya vermək olmaz. Əgər kimsə internetdə öz səviyyəsinə uyğun bir proqram hazırlayırsa və onun içinə qeyd etdiyim ziyanlı elementləri daxil edirsə, buna nəzarət edən bir qurum olmalıdır".

Məhərrəmli bildirib ki, bu məsələnin həll üçün beynəlxalq təşkilatların nümayəndələri, ABŞ-ın Azərbaycandakı səfirliyi və digər diplomatik korpuslarla danışıqlar aparırlar. O deyib ki, Milli Teleradio Şurası bu sahədə olan təcrübəni öyrəndikdən sonra geniş bir müzakirə təşkil edəcək: "Dünyada qəbul olunmuş variantı Azərbaycanda da tətbiq etmək istəyirik. Biz senzura yaratmaq niyyətində deyilik. Amma bu sahədə bir tənzimləmə olmalıdır".

Şura sədri onu da bildirib ki, Azərbaycanda kabel televiziyasının inkişafında maraqlıdırlar. Onun fikrincə, xarici televiziyaların Azərbaycanda yayımlanması ölkədə kabel televiziyasının inkişafının qarşısını alır. Çünki Rusiya və Türkiyə televiziyalarına baxan əhalinin buna ehtiyacı yoxdur. O, kabel televiziyasından istifadənin qiymətlərinin xeyli ucuzlaşdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti