...

Mətbuat Günü ilə əlaqədar dövlət başçısına müraciət ünvanlanacaq

Cəmiyyət Materials 20 İyun 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası dövlət başçısı İlham Əliyevə və akademik Cəlal Əliyevə müraciət ünvanlayacaq. Bu barədə Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri, mətbuatla dövlət orqanları arasında problemlərin həlli Daimi Komissiyasının koordinatoru İbrahim Məmmədli çərşənbə günü məlumat verib.

Məmmədlinin sözlərinə görə, Şuranın İdarə Heyətinin iclasında 22 iyul - Mətbuat Günü ilə bağlı müzakirələr aparılacaq. İclasda Mətbuat Günü ilə əlaqədar dövlət başçısına müraciət edilməsi haqda qərar çıxarılması gözlənilir.

Dövlət başçısına müraciətdə hazırda həbsdə olan yeddi nəfər jurnalistin azadlığa buraxılması üçün prezidentin öz səlahiyyətlərindən istifadə edərək tədbirlər görməsi xahiş olunacaq.

Mətbuat Şurası həmçinin iki nəfər jurnalisti məhkəməyə verərək onların həbsinə nail olmuş akademik, millət vəkili Əliyevə də müraciət ünvanlayacaq. Müraciətdə Əliyevdən "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və redaktoru Yaşar Ağazadənin barəsində irəli sürdüyü şikayətini geri götürməsi xahiş olunacaq. Xatırladaq ki, Əliyevin xüsusi ittiham qaydasında şikayəti əsasında Yasamal Rayon Məhkəməsi Kəbirli və Ağazadənin iki il altı ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb, jurnalistlər dərhal məhkəmə zalında həbs ediliblər. Həmin qərardan artıq apellyasiya şikayəti verilib və icraata götürülüb.

Mətbuat Şurası həmçinin bu şikayətlə də əlaqədar Apellyasiya Məhkəməsinə müraciət hazırlayıb. Şura jurnalistlərin azadlığa buraxılmasını istəyir.

Xəbər lenti

Xəbər lenti