...

Sonuncu Amnistiya aktı ilə 54 əcnəbi məhkum cəzadan azad edilib

Cəmiyyət Materials 13 Avqust 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Sonuncu Amnistiya aktı ilə 54 əcnəbi məhkum cəzadan azad edilib. Penitensiar Xidmətin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend ə bildirilib ki, azad olunan əcnəbi məhkumlardan 11-i Rusiya, 13-ü Gürcüstan, 9-u İran, 8-i Əfqanstan, 5-i Pakistan, 2-si Türkiyə, Banqladeş, Ukrayna, 1-i Özbəkstan və Türkmənistan vətəndaşlarıdır. Amnistiya aktı ilə penitensiar müəssisələrdə cəza çəkən 2861 məhkum azad olunub. Onlardan 1-i yetkinlik yaşına çatmayan, 24-ü qadındır. Amnistiya ilə azadlığa buraxılanlardan 33-ü Qobustan qapalı həbsxanasında cəza çəkən məhkumlar olub.

Ümumilikdə isə sonuncu Amnistiya aktı ilə 9877 şəxs cəzadan azad olunub. Onlardan 8560-ı kişi, 1317-si qadın, 11-i yetkinlik yaşına çatmayan şəxsdir. İntizam xarakterli hərbi hissədə saxlama cəzası çəkən 104, islah işləri növündə cəza çəkən 2091, ictimai işlər növündə cəza çəkən 226 və maddi vəziyyəti ilə əlaqədar olaraq 3 milyon manatdan artıq məbləğdə cəriməni ödəyə bilməyən 4225 məhkum Amnistiya nəticəsində cəzalardan azad olunub. Həmçinin şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 370 məhkum barəsində də Amnistiya tətbiq edilib. Amnistiyanın təsiri altına düşmüş 9877 şəxsin 98 faizi ciddi ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad edilənlərin 2 faizi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün Amnistiya aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslərdir. 1995-ci ildən Əfv və Amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 8 Amnistiya aktı 87 mindən çox şəxsə tətbiq edilib, o cümlədən təxminən 23 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.

Xəbər lenti

Xəbər lenti