...

Azərbaycan idmançısı Bakıda keçirilən beynəlxalq veloturda qalib gəlib (ƏLAVƏ OLUNUB)

İdman Materials 9 May 2012 13:34 (UTC +04:00)
Çərşənbə günü Bakının Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur start götürüb.
Azərbaycan idmançısı Bakıda keçirilən beynəlxalq veloturda qalib gəlib (ƏLAVƏ OLUNUB)

Yelena Çalıxın sözləri əlavə olunub (ilk xəbər 13:21-də yayılıb)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Ə.Həsənov/

Çərşənbə günü Bakının Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur start götürüb.

Turnirin təntənəli açılışında gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycan mötəbər yarışlara ev sahibliyi edir və bu tədbirlər yüksək səviyyədə keçirilir.

Nazir 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçiriləcəyini ümid etdiyini bildirib.

Beynəlxalq Velosipedçilər İttifaqının beynəlxalq komissarı Pavel Skorek turnirin yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan hökumətinə öz minnətdarlığını bildirib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov öz çıxışında bildirib ki, Azərbaycanda bədən tərbiyəsinə və idmana hərtərəfli dövlət qayğısı göstərilir. Bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar, deyə nazir bildirib.

Məmmədovun sözlərinə görə, növbəti hədəflərdən biri də 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparmaqdır.

Sonra təşkil edilən qadınlar arasında beynəlxalq velosiped turnirinin yekunları üzrə birinci yeri Azərbaycan idmançısı Yelena Çalıx tutub. O, Azərbaycanı London Yay Olimpiya Oyunlarında təmsil edəcək.

"Bu, həm Azərbaycan velosiped idmanı, həm də ümumilikdə idmançılar üçün yaxşı başlanğıcdır", - Çalıx konfransda deyib.

Onun sözlərinə görə, belə turnirlər olimpiada həyəcanını dəf etməyə və öz fiziki göstəricilərini yoxlamağa kömək edir.

"Həmvətənlərimin gözü önündə qalib gəlmək xüsusən xoşdur", - qalib idmançı qeyd edib.

Turnirdə ikinci və üçüncü yerləri, müvafiq olaraq, Ukrayna və Litva təmsilçiləri tutublar.

Xəbər lenti

Xəbər lenti