...

Bakıda motorlu qayıq üzrə "Qran Pri" yarışları start götürür

İdman Materials 5 İyul 2013 17:31 (UTC +04:00)
Bakıda UIM F2 Dünya motorlu qayıq çempionatının ikinci mərhələsi olan "Bakı Qran Pri" yarışları start götürür.
Bakıda motorlu qayıq üzrə "Qran Pri" yarışları start götürür

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbirlər İ.İzzət, A.Axundov/

Bakıda UIM F2 Dünya motorlu qayıq çempionatının ikinci mərhələsi olan "Bakı Qran Pri" yarışları start götürür.

Trend-in məlumatına görə, iyulun 6-7-də keçiriləcək yarışda 12 ölkədən 20 komanda iştirak edəcək.

Bu gün turnirlə əlaqədar brifinqdə jurnalistlərə açıqlama verən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun sözlərinə görə, bu yarışın keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, bu idman növü ölkədə təbliğ olunacaq:

"Belə tədbirlərin keçirilməsinin dünya gənclərinin və idmançıların bir araya gəlməsində böyük əhəmiyyəti var. Onlar arasında dostluq münasibətləri yaranır. Azərbaycanda ilk dəfədir ki, motorlu qayıq üzrə beynəlxalq yarışın keçirilməsinə baxmayaraq, çox yüksək səviyyədə təşkil olunub".

Azərbaycan Motorlu Qayıq Assosiasiyaları Federasiyasının prezidenti İbrahim İbrahimov bildirib ki, yarışdan sonra Azərbaycanda bu idman növünə olan maraq artacaq. O, növbəti illərdə Azərbaycanı yerli idmançıların təmsil edəcəyinə ümid etdiyini deyib:

"Bizim məqsədimiz "Qran Pri" yarışlarını Azərbaycana gətirmək, dünyada Azərbaycanı təmsil etmək, tanıtmaq, həmçinin bu idman növünü Azərbaycanda inkişaf etdirməkdir".

Federasiyanın prezidenti qeyd edib ki, Azərbaycan F2 yarışlarında 2008-ci ildən bəri iştirak edir, əsasən də mükafatçılar sırasında yer alır: "Azərbaycan bu yarışda yalnız bir qayıqla təmisl olunur. Mən inanıram ki, bizim komandamız layiqli yer tutacaq. Bir ay öncə İsveçdə keçirilən yarışda Azərbaycan komandası ikinci yeri tutub".

Ölkəmizi təmsil edən İsveçdən olan idmançı Jonas Andersson isə deyib ki, Azərbaycan komandası yalnız birinci yer uğrunda mübarizə aparacaq:

"Biz qələbəyə ümid edirik. Bu çətin olacaq, çünki burada çox təcrübəli, güclü sürücülər iştirak edir. Amma biz özümüzdə birinci yeri tuta biləcək qüvvəni hiss edirik".

Onun sözlərinə görə, növbəti illərdə Azərbaycan komandasının heyəti genişlənə bilər və əlavə qayıqlar və idmançılar, o cümlədən yerli sürücülər cəlb edilə bilər.

Qeyd edək ki, iyulun 6-sı Bakı buxtasında saat 10:00-da start götürəcək motorlu qayıqların yarışını vətəndaşlar sərbəst şəkildə Bakı bulvarından izləyə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti