Azərbaycan, Bakı, 8 yanvar /Trend/
FIFA-nın vitse-prezidenti Cim Boys təşkilatın baş katibi Jerom Valkenin 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının (DÇ) qışda keçiriləcəyi ilə bağlı açıqlamasından təəccübləndiyini bildirib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Sky Sports" xəbər yayıb.
Bu gün J.Valke bəyan edib ki, 2022-ci il dünya çempionatı iyun-iyul aylarında deyil, 15 noyabr-15 yanvar tarixləri arasında keçiriləcək.
Cim Boys qeyd edib ki, müvafiq qərar FIFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiq olunmalıdır: "Mən eşitdiklərimdən son dərəcə təəccüblənmişəm".
O, DÇ-2022-nin hansı dövrdə keçirilməsi ilə bağlı açıqlamanın 2014-cü ilin sonundan tez verilməyəcəyini gözlədiyini deyib.
Ənənəvi olaraq, dünya çempionatları yayda keçirilir. Ərəbistan yarımadasının şərqində yerləşən Qətərdə iyun-iyul aylarında orta temperatur müsbət 38 dərəcə isti təşkil edir.