...

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarına start verilib (FOTO)

İdman Materials 17 May 2023 13:12 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarına start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarına start verilib. Yarışlar 17-21 may tarixləri arasında keçiriləcək.

Trend bu barədə çərşənbə günü xəbər verir.

Avropa çempionatı təkcə gimnastika ulduzları üçün deyil, həm də böyük uğurlar əldə etməyə can atan gənc idmançılar, həmçinin bu idman növünün azarkeşləri üçün ən yaddaqalan yarışlardan biri olacaq.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Bədii gimnastika ulduzlarının iştirak etdiyi qitə çempionatında bütünlükdə 38 ölkədən 315 gimnast (191 böyük, 124 gənc) çıxış edəcək.

Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər. Fərdi gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər (gürzlər, halqa, top, lent) üzrə çıxışlarını təqdim edəcəklər.

Gimnastlar fərdi proqramda top, halqa, gürz və lentlə hərəkətlər nümayiş etdirəcəklər. Böyüklər arasında qrup komandaları 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə qrup komandaları 5 ip və 5 top proqramında kompozisiyalar nümayiş etdirəcəklər.

Avropa çempionatının ilk günü gənclərdən ibarət komandalar qrup hərəkətlərində çıxış edirlər. Günün birinci yarısında kvalifikasiya yarışları, saat 18:50-də isə final yarışları başlayacaq. Bu günün yekunlarına əsasən, gənclərdən ibarət qrup hərəkətləri komandaları arasında qaliblər və mükafatçılkar müəyyən ediləcək. Həmçinin bu gün "Audience Award" (Tamaşaçı rəğbəti) mükafatı təqdim olunacaq.

Yarışlar saat 18:00-da baş tutacaq möhtəşəm açılış mərasimi ilə də yadda qalacaq. Tamaşaçıları füsunkar gimnastika çıxışları, o cümlədən populyar Azərbaycan müğənniləri Hiss (Röya Məmmədova) və Vaqifə Nağıyevanın çıxışları gözləyir.

Milli Gimnastika Arenasının zalının tərtibatı da Avropa çempionatının şüarına uyğundur, dekorasiya elementləri və işıq effektləri Hollivud abu-havasını əks etdirir. Gimnastlar qırmızı xalıdan keçərək yarış meydançasına çıxacaqlar.

Luici adlı meymun isə tamaşaçılara və gimnastlara pozitiv və yaxşı əhval-ruhiyyə bəxş edəcək.

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası və Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası təmsil edirlər.

Bu, ölkəmizdə təşkil olunan bədii gimnastika üzrə 5-ci Avropa çempionatıdır. Bundan əvvəl paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti