...

PROKON şirkəti "SOCAR Polymer" üçün anbar tikintisini başa çatdırıb

İqtisadiyyat Materials 10 Yanvar 2018 12:26 (UTC +04:00)

Bakı. Trend:

PROKON şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini uğurla bitirib.

Sumqayıtda Polipropilen və Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun şərq hissəsində yerləşən son məhsul anbarı ölçüsü 84 x 176 m. və daxili minimum hündürlüyü 6 m. olmaqla istehsal olunmuş hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub.

Bu layihəyə 2016-cı ilin avqust ayında başlanılıb və layihə mühəndis-layihələndirmə, təchizat, tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, habelə yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınmasını əhatə edib. Layihə üzrə aparılmış işlər çərçivəsində PROKON şirkəti mühəndislik, torpaq işləri, söküntü işləri, suyun kənarlaşdırılması və qoruyucu maneələrin quraşdırılması kimi işləri özündə ehtiva edən tikinti meydançasının hazırlanması, mülki-tikinti və torpaq işləri mərhələlərini uğurla bitirib.

PROKON şirkəti “SOCAR Polymer” son məhsul anbarının tikintisi çərçivəsində zaman və əmək qabiliyyəti itkisi (LTİ) olmadan 350.000-dən artıq işçi-saat sərf etməklə layihənin icrasına öz töhfəsini verib. Rəhbərlik tərəfindən qoyulmuş dəqiq təlimatlar, layihəyə cəlb edilmiş mütəxəssislərin təhlükəsizlik mədəniyyətinə və qızıl təhlükəsizlik qaydalarına sadiqliyi bu nailiyyətin əldə olunmasını mümkün edib.

PROKON, Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə fəaliyyətə başlayıb. PROKON şirkəti tezliklə yerli bazarda irimiqyaslı “daunstrim” obyektləri tikib istismara vermək imkanlarına malik aparıcı tikinti şirkətlərindən birinə çevrilib. PROKON-nun ən son iştirak etdiyi layihələr sırasına SOCAR Karbamid zavodun tikintisi, rezervuarların quraşdırılması və sair işlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti