...

Sabirabad Sənaye Məhəlləsinin iyul ayında istifadəyə verilməsi planlaşdırılır (FOTO)

İqtisadiyyat Materials 9 Fevral 2018 16:53 (UTC +04:00)
Məhəllədə tikinti işlərinin birinci mərhələsinin 2018-ci ilin iyul ayında başa çatdırılaraq sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.
Sabirabad Sənaye Məhəlləsinin iyul ayında istifadəyə verilməsi planlaşdırılır (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sabirabad Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir.

Sahibkarlığın inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan N.Səfərov digər sənaye məhəllələrində olduğu kimi, Sabirabad Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturun dövlət tərəfindən yardılacağını diqqətə çatdırıb. Sənaye Məhəlləsində regionunun iqtisadi potensialına uyğun olaraq, yun tədarükü, pambıqtəmizləmə, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistik mərkəz yaradılacaq. Məhəllədə tikinti işlərinin birinci mərhələsinin 2018-ci ilin iyul ayında başa çatdırılaraq sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. N.Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Sabirabad Sənaye Məhəlləsi ilə six əməkdaşlığa dəvət edib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edb, Sabirabad Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf regionlarda özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyətindən danışıb, Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Bildirilib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən ümumi sahəsi 7605 m² olan 3 istehsal sahəsi, 1060 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar tikilərək sahibkarların istifadəsinə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı müvafiq tədbirlər görülür.

Sahibkarlar Sabirabad Sənaye Məhəlləsinə maraqlarını ifadə edib, reallaşdırılmasını nəzərdə tutduqları layihələr barədə məlumat verib, ölkədə sahibkarlığın inkişafına, onlara yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti