...

"Azəri-Çıraq-Günəşli"də 215 milyon barel neft hasil olunub

İqtisadiyyat Materials 16 Fevral 2018 12:13 (UTC +04:00)
2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 215 milyon barel neft hasil olunub.
"Azəri-Çıraq-Günəşli"də 215 milyon barel neft hasil olunub

Bakı. Trend:

2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 215 milyon barel neft hasil olunub.

Bu barədə Trend-ə "BP Azerbaijan" şirkətindən məlumat verilib.

2017-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılmışdır.

2017-ci ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilkdə isə 2,9 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

2017-ci ildə AÇG layihəsinə 456 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 milyard dollar əsaslı məsrəflər xərclənib.

2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar. Saziş Milli Məclis tərəfindən 31 oktyabr 2017-ci ildə ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti