...

BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib (FOTO)

İqtisadiyyat Materials 6 İyun 2018 11:01 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini ilə görüşüb.
BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini ilə görüşüb.

Ali Məktəbdən Trend-ə verilən məlumata görə, kampusda baş tutan görüşdə həmçinin Meksika Neft İnstitutunun Məhsulun texnologiyası şöbəsinin müdiri Marko Antonio Osorio Bonilla, Meksika səfirliyində ataşe Mario Fernandez və səfirin köməkçisi Elnur Bağırov da iştirak ediblər.

Rektor Elmar Qasımov qonaqları Ali Məktəbdə salamlayaraq onlara BANM haqqında məlumat verib. Rektor hazırda bakalavr və magistratura üzrə tələbə hazırlayan Ali Məktəbin yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.

Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron görüş üçün rektor Elmar Qasımova təşəkkür edib. O Meksikanın neft-qaz sektoru və orada fəaliyyət göstərən şirkətlər haqqında məlumat verdikdən sonra qeyd edib ki, institut texnoloji tədqiqat və inkişaf, mühəndislik üzrə tədris və təlimlərin keçirilməsi üzrə ixtisaslaşıb.

Tərəflər akademik əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlər arası mübadilə, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Ernesto Rios BANM ilə müəllim və professorların təcrübələrinin mübadiləsi, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mümkün olacağını qeyd edib. Görüşün sonunda tərəflər sadalanan işlərin birgə görülməsi haqqında razılığa gəliblər.

Daha sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək burada tələbələr üçün yaradılmış şərait, ən müasir laboratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar.

Qeyd edək ki, Meksika Neft İnstitutu 1965-ci ildə yaradılıb və neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti