...

Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi üçün işlərə başlanıb (FOTO)

İqtisadiyyat Materials 31 İyul 2018 20:23 (UTC +04:00)
“Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – “Yaşıl Dəhliz” mövzusunda Dəyirmi Masa keçirilib.
Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi üçün işlərə başlanıb (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – “Yaşıl Dəhliz” mövzusunda Dəyirmi Masa keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Niyazi Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabətqabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və məşğulluğun artırılması məqsədi ilə sənaye parkları və sənaye məhəllələri yaradılır, sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur. Bildirilib ki, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. N.Səfərov qeyd edib ki, sənaye parklarında rezidentlərin idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə DGK zəruri işlərin təşkilinə başlayıb.

DGK-nın idarə rəisi Səməd Qaralov gömrük sistemində aparılan təkmilləşdirmə işləri barədə məlumat verərək, gömrük infrastrukturunun gücləndirildiyini və gömrük prosedurlarının sadələşdirildiyini qeyd edib, “Yaşıl Dəhliz”in idxal-ixrac əməliyyatlarının sadələşdirilməsində və sahibkarların vaxtına qənaət edilməsində önəmini diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, KOS-lara göstərilən xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdiriləcəyini qeyd edib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verib, “Yaşıl Dəhliz”in tətbiqinin sahibkarların sənaye parklarına marağını daha da artıracağını qeyd edib.

Tədbirdə “Yaşıl Dəhliz Xidməti” layihəsinin təqdimatı keçirilib və layihənin üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda "Sumqayıt Kimya Sənaye Parkı" MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Təmiz Şəhər" ASC və “Yaşıl Dəhliz Xidməti” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti