Bakı. Trend:
Hazırda tikinti materialları dükanlarını Norm məhsulları olmadan təsəvvür etmək çətindir. Buna səbəb odur ki, yüksək keyfiyyəti ilə seçilən Norm məhsullarına bazarda böyük tələbat var. Bu məsələləri nəzərə alaraq, Trend-in müsahibi Norm şirkətinin Baş direktoru Henninq Sasse oldu.
- Cənab Henninq, sizin şirkətin məhsulları tikinti sahəsində hamıya yaxşı tanışdır. İstərdik ki, oxucular Norm şirkətinin rəhbərliyi, xüsusən də sizin haqqınızda daha çox məlumata sahib olsunlar.
- Artıq 20 ildir sement sənayesində fəaliyyət göstərirəm. İlk dəfə bu işə Almaniyada başlamışam. Daha sonra 2004-ci ildə Bakıda işə başlamışam. 5 ildən artıq Qaradağ sement zavodunda Texniki direktor vəzifəsində çalışdım. Bu sahədə bir neçə ölkədə təcrübəm var. Belə ki, 4 il Rusiyada, 4 ildə Hindistanda işləmişəm. 2017-ci ildən isə yenidən Azərbaycanda, Norm Sement zavodunda şirkətin Baş direktoru vəzifəsində fəaliyyət göstərirəm.
- Belə böyük zavodun böyük də uğurları olmalıdır. Odur ki, zavodun keçdiyi yola nəzər salmaq və əldə etdiyiniz uğurlar haqqında bilmək istərdik.
- İlk sement istehsalından bu günə kimi müəyyən uğurlar əldə etmişik. Norm Sement zavodunun layihə kimi əsası 2011-ci ildə qoyulub. Zavod tez bir zamanda inşa edilib. İlk sementimizi 2013-ci ildə istehsal etmişik. İlk klinker isə 2014-ci ildə istehsal olunub. Bu illər ərzində Norm Sement zavodu öz istehsal və satış imkanlarını daha da artırıb. Bu gün Norm Sement zavodu sement bazarında aparıcı fiqurlardan birinə çevrilib. Zavodumuz Cənubi Qafqaz regionunun ən böyük zavodu olmaqla illik 2 milyon ton sement istehsalı gücünə malikdir və ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.
- Keyfiyyətdən söz düşmüşkən, hansı nüfuzlu şirkətlərin avadanlıqlarından və məhsullarından istifadə edirsiz?
- Zavod müasir və yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilib. Zavodda mühərriklərimiz və bir çox digər qurğularımız dünyanın ən nüfuzlu şirkətlərindən olan Siemens şirkəti tərəfindən təchiz olunmuşdur. Həmçinin bizim sənayedə nüfuzlu avadanlıq stehsalçılarından biri də qırıcılar üzrə ixtisaslaşmış Almaniyanın Hazemag şirkətidir. Zavodumuzun qırıcıları bu şirkətə məxsusdur.
Zavodda quraşdırılan əsas avadanlıqlardan biri də Avropanın nüfuzlu Gerb.Pfeiffer şirkətindən aldığımız 4500 kVt gücündə xammal və qatqıların üyüdüldüyü şaquli xammal dəyirmanıdır. Klinker soyuducusu isə Almaniyanın məşhur Cladius Peters şirkəti tərəfindən təchiz olunmuşdur.
- Necə fikirləşirsiz, “keyfiyyətli avadanlıq həm də keyfiyyətli və əla məhsulun təminatıdır” demək olar?
- Təminatıdır deməzdim, amma əsas şərtlərdəndir. Bizim bu avadanlıqları istifadə və idarə etməyimizdən çox şey asılıdır. Sizi əmin edə bilərəm ki, biz yüksək keyfiyyətli istehsala keyfiyyətli avadanlıqlarla yanaşı düzgün iş proseduru və peşəkar mütəxəssislərin sayəsində nail oluruq. Lakin məhsulun istifadəsindən də çox şey asılıdır. Qeyd etdiyim kimi, təcrübəli mütəxəssislər və etibarlı texnologiyanın köməkliyi ilə yüksək keyfiyyətə nail olmaq olar.
- İşçilərinizin təhlükəsizliyi üçün hansı tədbirlər görülür?
- Yarana biləcək hər hansı fövqəladə hadisəyə hazır olmaqdan ötrü lazımi təlimlər təşkil edilir. Bütün işçilərimiz təhlükəsiz qaydada zavodda fəaliyyət göstərə bilmələri üçün qabaqcadan təlimatlandırılırlar. Sadəcə bizim işçilər deyil, həmçinin zavod ərazisində çalışan üçüncü tərəf şirkət nümayəndələri də təhlükəsizlik qaydaları barədə məlumatlandırılırlar. SƏTƏM şöbəmizdə 4 əməkdaş var. Bundan əlavə, NORM-un hər bir əməkdaşı zavod ərazisində təhlükəli hallarla rastlaşarsa, bu barədə məlumat verməli və işi dərhal dayandırmalıdır. Bu zaman yaranan təhlükə aradan qaldırılmalı və iş prosesi bərpa edilməlidir. Çünki təhlükəsizlik bizim əsas prioritetlərimizdən hesab edilir. Belə ki, zavod hər nə qədər yaxşı işləsə də əgər işçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülmürsə, bu bizim üçün qəbul edilməzdir. Müəssisə əməkdaşlarının həyatı və sağlamlığı bizim üçün başlıca prioritetdir.
- Norm Sement zavodunda çalışan işçilərin peşəkarlıq səviyyəsindən razısızmı?
- Hazırda Norm-da yalnız mən və digər həmkarım xaricdən gələn mütəxəssis kimi fəaliyyət göstəririk. Digərləri isə yerli işçilərdir. Əslində bizim hədəflərimizdən biri yerli insanları işlə təmin etməkdir. Zavod yeni faəliyyətə başladığı zaman burada çoxlu sayda əcnəbi ekspertlər fəaliyyət göstərirdi. Xoşagələn haldır ki, hazırda zavod demək olar ki, 100% yerli işçilərin hesabına çalışır. Mən işçilərimizin peşəkarlıq səviyyəsindən olduqca razıyam. Lakin məqsədimiz onların peşəkarlıq səviyyəsini daha da artırmaqdır və bunun üçün ardıcıl şəkildə təlimlər və xarici həmkarlarla təcrübə mübadiləsi üçün görüşlər təşkil edirik.
- Necə fikirləşirsiz tikinti sektorunda hansı sahədə yüksək ixtisaslı kadrlara ehtiyac var?
- Əslində biz tikinti materialı istehsalçısıyıq. Digər sahələrdə olduğu kimi bizim də hər zaman istehsal, elektrik və mexaniki baxım sahəsində yüksək ixtisaslı kadrlara ehtiyacımız var. Biz hazırda zavoddakı mütəxəssislərimizdən məmnunuq. Lakin vaxtaşırı bazardakı digər rəqib şirkətlərdən aldığımız məlumatlara görə, bəzi sahələrdə hələ də güclü mütəxəssislərə ehtiyac var. Xüsusilə, elektrik mühəndisliyi və avtomatlaşdırma sahəsində yaxşı mütəxəssislərin tapılması elə də asan olmur. Tikinti sahəsinə qaldıqda isə, biz yerli ustalarla ilə əməkdaşlıq edərək inşaat üzrə mütəxəssislərin yetişməsinə və ya daha da təkmilləşməsinə şərait yaradırıq. Buna Norm Ustalar Klubunu misal gətirmək olar. Beləliklə, biz yalnız öz zavodumuzun işçi heyətinin deyil, həmçinin müştərilərimizin də peşəkarlaşmasında maraqlıyıq.
- Norm sement zavodunda hazırda nə qədər işci çalışır?
Hazırda Norm-da zavod heyəti və şəhər ofisində çalışan işçilər daxil olmaqla ümumilikdə 300 nəfərə yaxın işçi çalışır.
- Şirkətiniz hansı xarici qurumlarla əməkdaşlıq edir? Bu əməkdaşlığın məqsədi nələrdir?
- Bildiyiniz kimi, əməkdaşlığın müxtəlif formaları var. Biz də iki aspektdə əməkdaşlıq edirik. Birincisi, keyfiyyətli məhsul istiqamətində olan əməkdaşlıqdır. Belə ki, istehsal olunan məhsullarımız daim Almaniyanın nüfuzlu VDZ Elmi-tədqiqat institutu tərəfindən yoxlanılır və sertifikatlaşdırılır. Bundan əlavə, məhsul keyfiyyətini daha artırmaq istiqamətində Türkiyə Sement İstehsalçıları Birliyi ilə də əməkdaşlığımız davam edir.
Əməkdaşlığımızın digər istiqaməti isə kadrların hazırlığı və yetişdirilməsi istiqamətindədir. Bilirsiniz ki, Azərbaycan böyük ölkə deyil, ona görə də belə təlimçilərin xaricdən cəlb olunmasına ehtiyac var. Buna görə də həm Türkiyənin, həm Almaniyanın sement assosiasiyaları ilə əməkdaşlıq edilir, əməkdaşlarımız təlim və seminarlar üçün xarici ölkələrə göndərilir, bəzən isə xaricdən ekspertlər ölkəmizə dəvət olunurlar.
- Necə fikirləşirsiz sizin zavoda hansı peşəkar dəstək lazımdır?
- Fikirləşirəm ki, əsas inkişaf etdirilməsinə ehtiyac olan sahələrdən biri yeni sement növlərinin araşdırılmasıdır. Biz məhsulu genişləndirmək istəyirik və təbii ki, bu sahədə peşəkar dəstəyə ehtiyacımız var və birlikdə daha əmin addımlar atacağımıza inanırıq.
Bundan əlavə istehsal texnologiyasına dair araşdırmalarımız davam edir, hazırda yanacaq kimi əsasən təbii qazdan istifadə edilir. Lakin gələcəkdə yanacaq kimi alternativ enerjidən istifadə barədə düşünürük. Bu sahədə də peşəkar dəstəyə ehtiyacımız ola bilər.
- Norm müştərilərinə necə dəstək verir? Müştərilər nəyə əsasən Normla əməkdaşlığı seçirlər?
- Əvvəla, qeyd etdiyim kimi biz onlara keyfiyyətli məhsul təqdim edirik, bu da müştərilər üçün əsas şərtdir. Bundan əlavə, biz müştəriləri peşəkar texniki dəstəklə təmin edirik. Belə ki, peşəkarlarımız müştərilərə sement məhsullarımızla istehsal etdikləri betona tətbiq sahəsinə uyğun dizayn verilməsinə və daha az xərclə daha keyfiyyətli beton məmulatları əldə edilməsinə dair tövsiyələr verir. Bu texniki dəstək komandamız tərəfindən icra olunur və gələcəkdə bu xidmətləri daha da artırmaq niyyətindəyik. Bununla yanaşı, müştərilərimiz üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlər təşkil edir, həmçinin onların beynəlxalq seminar və konfranslarda iştirakını təmin edirik.
- Qarşıda duran əsas məqsədləriniz nələrdir?
- Biz məhsul çeşidlərini artırmağı planlaşdırırıq. Hesab edirik ki, Azərbaycan sement bazarında 3-4 əlavə sement növünə də ehtiyac var və bunu üzərində çalışmaq niyyətindəyik. Bundan əlavə, tikinti materialı istehsalçısı kimi gələcəkdə əlavə digər tikinti materialları istehsalı haqda da düşünə bilərik. Gələcək inkişaf üçün müəssisəmizin qarşısında bir sıra məqsədlər durur: bu, ilk növbədə yığma beton konstruksiyalar və müasir beton panellər daxil olmaqla sement və beton əsaslı tikinti materiallarını əhatə edir.
Məqsədimiz idxal olunan bahalı materialları səmərəli və sərfəli yerli istehsal materialları ilə əvəz etməkdir. Biz həmçinin müştərilərimizi fəal şəkildə müasir tikinti materiallarına sərmaye yatırmağa təşviq edirik. Bu isə tikinti bazarının inkişafını, müasir tikinti materiallarının və metodlarının yerli bazara tətbiqini stimullaşdırır. Bu məqsədlə, ölkəmizdə tikinti sektorunun artan ehtiyaclarına xidmət göstərməsi və yenilikçi metodların tətbiqi üçün Beton mərkəzi yaratmağı planlaşdırırıq.
Beton mərkəzi həmçinin doldurucular və qeyri-aktiv materiallar üçün yeni standartların tətbiqini təkmilləşdirəcək. Araşdırmalarımız bizə deməyə imkan verir ki, ölkədə belə materialların bazarı kifayət qədər inkişaf etməyib və onların keyfiyyəti əhəmiyyətli dərəcədə artırılmalıdır. Məhz bu məqsədlə biz ölkə ərazisində geoloji işlər aparırıq.
Biz həmçinin Azərbaycanda beton yolların inkişafı və yenidən qurulması ilə bağlı bir sıra layihələr üzərində çalışırıq.
Ümidvarıq ki, tez bir zamanda bu istiqamətdə də həm müştərilərimiz, həm də ictimaiyyət qarşısında geniş miqyaslı, uğurlu layihələrə imza atacağıq.
- Fikrinizcə, Norm hədəflərinə nail olarsa, nə kimi dəyişikliklər sizi gözləyir?
Gözəl sualdır. Düzünü desəm, indi bu suala real bir cavabım yoxdur. Ümid edirəm ki, hədəflərimizə nail olmaq bizə yeni nailiyyətlər gətirəcək. Müştərilərimiz məmnun olacaq. Daha doğrusu, daha da məmnun olacaq. Onların məmnuniyyəti isə bizim məmnuniyyətimizdir.
- Ümumilikdə Azərbaycanın tikinti sənayesindən nə kimi yeniliklər gözləyirsiniz?
Hesab edirəm ki, Azərbaycanın tikinti sənayesinə daha müasir texnologiya cəlb oluna bilər. Nəticədə insanlar daha yüksək möhkəmliyə malik betondan istifadəyə üstünlük verəcəklər. Hazırda bəzi şirkətlər bunu edirlər.
Bundan əlavə, Azərbaycanda daha mexanikləşdirilmiş və avtomatlaşdırılmış istehsal texnologiyasından istifadə edilə bilər, yığma dəmir-beton əsaslı tikinti texnologiyası buna misaldır.
Düşünürəm ki, hər bir hökümət yerli tikinti bazarının gələcək inkişafı üçün yerli tikinti materiallarının istehsalını və istehlakını dəstəkləməlidir.
Sementə gəldikdə isə hazırda sement məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilə bilər.