Bakı. Trend:
Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi BP şirkəti 17 AÇG quyusunda axının stimullaşdırılması fəaliyyətlərini həyata keçirmək üçün istifadə olunacaq yeni modernləşdirilmiş gəmini bu yaxınlarda dənizə yola salıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, ilk dəfədir ki, Xəzərdə yataqdakı hasilatı artırmaq üçün gəmidən istifadə etməklə quyularda axının stimullaşdırılması fəaliyyəti aparılacaq. Keçmişdə bu fəaliyyət platformalardan həyata keçirilirdi və bu da qazma avadanlığının mövcudluğu, göyərtədə əlavə heyətin olması, göyərtədə yer məhdudiyyəti və kimyəvi maddələrlə görülən işlərdən irəli gələn texniki təhlükəsizlik məsələləri səbəbindən turşu həcmlərinin məhdud olması kimi bir sıra çətinliklər yaradırdı. Bundan əlavə, platformadan həyata keçirilən stimullaşdırma fəaliyyətləri daha çox vaxt tələb edirdi – 2016-cı ildə başlamış 14 quyuda axının stimullaşdırılması işlərini tamamlamaq üçün iki il vaxt tələb olunub.
Modernləşdirilmiş “Caspian Provider” gəmisi Topaz şirkətinə məxsusdur və layihə “Baker Hughes, GE şirkəti” tərəfindən yerinə yetirilib.
BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqi deyib: “Biz bir neçə vaxtdır ki, bir sıra variantlar üzrə quyularda apardığımız axının stimullaşdırılması fəaliyyətlərini optimallaşdırmaq haqqında düşünürdük. Dünyada bu əməliyyatlar xüsusi təyinatlı nasoslu gəmilərdən həyata keçirilir, lakin kanallar vasitəsilə daşımalarda logistika məhdudiyyətləri olduğuna görə Xəzər dənizinə bu cür gəmi gətirmək mümkün olmamışdır. Buna görə də, biz stimullaşdırma qurğusunu xidmət təchizatçımız olan gəmilərdən birinə quraşdırmaq və beləliklə də platformalarımızı resurs sərf edən əməliyyatlardan azad etmək qərarına gəldik.
Bu, Xəzərdə modernləşdirilmə istiqamətində atılan növbəti bir addımdır ki, bizə obyektlərimizin, o cümlədən hasilatın səmərəliliyini daha da gücləndirməyə imkan verəcək. Fürsətdən istifadə edərək, Xəzərdə ilk bu cür layihəni təhlükəsiz və səmərəli şəkildə tamamladığına görə podratçımız “Baker Hughes, GE şirkəti”nə təşəkkürümü bildirmək istəyirəm.”
Gəmidə istismaravermə sınaqları noyabr ayının sonunda başa çatıb və ilk stimullaşdırma əməliyyatının dekabr ayının ortasında Qərbi Azəri platforması üçün başlanması planlaşdırılır.
AÇG yatağında hazırda altı hasilat platforması və ümumilikdə 112 neft hasilatı quyusu və 53 suvurma və qazvurma quyusu mövcuddur. Bu yatağın gündəlik debiti orta hesabla təxminən 588000 barel təşkil edir. 1997-ci ilin noyabr ayında hasilat işləri başladığı vaxtdan etibarən AÇG yatağından 3,5 milyard barel neft hasil edilib.