Bakı.İlhamə İsabalayeva -Trend:
"Abşeron yarımadasının çirklənmiş ərazilərinin qiymətləndirilməsi" adlı sənəd layihəsi hazırlanacaq. Bu sənəd gələn ilin iyun-iyul aylarında ictimaiyyətə təqdim olunacaq.
Trend-in məlumatına görə, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.
Aparat rəhbərinin sözlərinə görə, sənədin hazırlanmasını tenderdə qalib gələn İtaliya şirkəti həyata keçirəcək.
V.Kərimov əlavə edib ki, bu günə qədər duzla çirklənmiş ərazilərin siniflərə bölünməsi həyata keçirilsə də, neftlə çirklənmiş torpaqlar siniflərə bölünməyib.
Nazirlik rəsmisi bildirib ki, qalib şirkət həm də torpaqların neftlə çirklənməsinə görə siniflərə bölünməsini həyata keçirəcək.