Bakı. Ceyhun Ələkbərov - Trend:
Sərnişinlər Bakı-Tbilisi istiqamətində aldıqları dəmir yolu biletlərini geri qaytara bilərlər.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Qeyd olunub ki, biletlərə ödənilən məbləğ QSC tərəfindən geri qaytarılacaq:
"Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.