...

“Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlıq yenidən nəzərdən keçiriləcək

İqtisadiyyat Materials 14 Oktyabr 2021 15:49 (UTC +04:00)
“Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlıq yenidən nəzərdən keçiriləcək

Bakı. Trend:

Oktyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, Azərbaycan və Əlcəzairin zəngin karbohidrogen ehtiyatlarına malik ölkələr olduğunu vurğulayan xanım səfir son illərdə ölkəmizdə həyata keçirilən strateji əhəmiyyətli infrastruktur layihələrinin uğurlarını diqqətlə izlədiklərini bildirib, bu sırada Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP boru kəmərinin yekunlaşmasını xüsusi qeyd edib.

Xanım səfir TAP boru kəmərinin istismara verilməsi ilə neftlə yanaşı Azərbaycan qazının da Avropaya nəqlinə start verildiyindən məmnunluq hissi ilə bəhs edib. O qeyd edib ki, Əlcəzair də Avropanın enerji təchizatında təcrübəli oyunçulardan biri olmaqla, müvafiq ixrac infrastrukturuna malikdir. Əlcəzair qazı boru kəmərləri vasitəsilə, eləcə də mayeləşdirilmiş (LNG) halda bazarlara daşınır. Səfir öz ölkəsinin “Sonatrach” şirkəti və SOCAR arasında əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının, o cümlədən, Avropa bazarında əməkdaşlıq imkanlarının araşdırılmasında maraqlı olduğunu söyləyib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Sonatrach” şirkətinin yeni rəhbərliyi ilə görüşməkdən məmnun olacağını bildirib, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb.

Görüşdə qlobal pandemiyanın sona yaxınlaşdığı da nəzərə alınaraq, “Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti