Bakı. Trend:
Son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən mülkiyyətində yaşayış
sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti
şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer
almaqdadır.
Trend-in məlumatına görə, bu
barədə Mərkəzi Bankın açıqlamasında deyilir.
Bununla əlaqədar olaraq qurum bidirir ki, Mərkəzi Bankın 22 iyul
2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit
riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial
normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə
ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə
yumşaldılıb.
"Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti
mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən
alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə
kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən
85%-ə qaldırılmışdır (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə
salınmışdır). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin
təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr
tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində
saxlanılmışdır. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın
sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak
kreditlərinə şamil edilir.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun
vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli
940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka
kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi
Qaydası” ilə tənzimlənir", - açıqlamada deyilir.