Bakı. Trend:
Son 10 il ərzində bank aktivlərinin Azərbaycanın ümumi daxili məhsulunda payı 26,8 faizdən 44,3 faizədək yüksəlib.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün VI Beynəlxalq bankçılıq forumunun açılışında deyib.
O qeyd edib ki, iqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb.
V.Qasımlı vurğulayıb ki, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişafı istiqamətləri müəyyən edilib.
"Strategiyaya əsasən bank sektoru üzrə aktivlərin həcminin hər il 8 faiz, kredit portfelinin həcminin hər il 10 faiz, biznes kreditlərinin həcminin hər il 6 faiz, mikro, kiçik, orta biznesə verilən kreditlərin həcminin hər il 15 faiz, sığorta bazarının həcminin hər il 10 faiz artması gözlənilir", - deyə o bildirib.