...

Dünyaya güclü "yaşıl" istiqraz bazarı lazımdır - Ursula Fon der Lyayen

İqtisadiyyat Materials 1 Dekabr 2023 17:48 (UTC +04:00)
Dünyaya güclü "yaşıl" istiqraz bazarı lazımdır - Ursula Fon der Lyayen
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Dubay. Trend:

Dünyaya güclü "yaşıl" istiqraz bazarı lazımdır.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitində çıxışında deyib.

"Biz bu konfransda bütün dünyada daha həssas vətəndaş qruplarının müdafiəsi üçün irəliyə doğru qətiyyətli addımlar atacağıq. Onlar güclü iqlim dəyişikliklərinə məruz qalır, itkilər verir və biz onların tərəfində duracağıq. Söhbət ambisiyalardan gedir. Söhbət məqsədlər və maliyyə vəsaitlərindən gedir. İcazənizlə, ambisiyalardan başlayım. Biz tədricən qazıntı yanacağından imtina etməli və metan tullantılarını 2025-ci ilədək azaltmalıyıq. Lakin qlobal miqyasda çağırış etdiyimizi ölkələr daxilində də etməliyik, buna görə də, icazənizlə Avropa İttifaqı daxilində etdiklərimizi bildirim", - deyə o, qeyd edib.

Ursula Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı artıq özünün pik həddinə çatıb.

"Biz metan tullantılarını kəskin şəkildə azaldacaq qanun qəbul etmişik. Aİ 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən istifadəni üç dəfə, enerji səmərəliliyini isə iki dəfə artırmaqla bağlı çağırış edib. Hazırda çağırışımız güclü hərəkata çevrilib və 110-dan çox ölkə bu hərəkata qoşulub. Bu səbəbdən hamınızı bu məqsədləri COP sammitinin yekun qərarına daxil etməyə çağırıram, çünki bu, həm investorlar, həm də istehlakçılara güclü siqnal göndərir. Şübhəsiz, energetikanın gələcəyi təmiz olacaq", - deyə o əlavə edib.

Ursula Fon der Lyayenin fikrincə, bu il 100 milyard ABŞ dolları dəyərində məqsədə nail olmaq lazımdır.

"Avropa davamlı olaraq öz öhdəliklərini yerinə yetirib. Ötən il Aİ iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinə təqribən 30 milyard dollar ayırıb. Əlbəttə ki, Aİ yeni itki və zərər fonduna öz töhfəsini verəcək. Bu gün "Team Europe" 270 milyon dollardan çox töhfə verib. Fondu işə salmalıyıq və bunu tez bir zamanda etmək istəyirik. Lakin hamımız bilirik ki, daha çoxunu etmək lazımdır. Beynəlxalq maliyyə sistemində islahatlar aparmalıyıq, bizə güclü "yaşıl" istiqraz bazarı lazımdır və karbon tullantılarının qiymətlərini artırmaq vacibdir", - deyə o sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti