Bakı. Trend:
2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib.
Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir ki, ötən ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon dollara bərabər olub.
Həmin dövr ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3 faiz, qara metallardan məmulatların ixracı 13,3 faiz, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb.
Ötən il ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon dollar təşkil edib.
Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8 faiz artaraq 314,3 milyon dollar olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9 faiz artımla 106,6 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4 faiz artımla 207,7 milyon dollar təşkil edib.