Bakı. Trend:
3-4 iyun 2024-cü il tarixlərində Avstriyanın Vyana şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe, bu ölkənin “Rail Cargo” və digər qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində
Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə
yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə
geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından
Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir
mübadiləsi aparılıb.
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması
məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start
verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları
haqqında məlumat verilib.
Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin
imkanlarından istifadəyə böyük maraq göstərdiklərini
bildiriblər.