...

Kibercinayətkarlıqla mübarizə üçün DİN və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı

İqtisadiyyat Materials 19 İyul 2024 16:12 (UTC +04:00)
Kibercinayətkarlıqla mübarizə üçün DİN və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankda kibercinayətkarlıqla mübarizə çərçivəsində görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən maliyyə bazarında informasiya və kibertəhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərin həyata keçirilməsi davam etdirilir.

"Belə ki, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı, ölkədə fəaliyyət göstərən banklar və elektron pul təşkilatlarının nümayəndələrinin iştirakı ilə ödəniş kartlarından istifadə zamanı dələduzluq hallarının qarşısının alınmasına dair görüş keçirilib. Görüş çərçivəsində kibercinayətkarlıqla mübarizə sahəsində aktual məsələlər müzakirə olunub.

Görüşdə çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanov rəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb. O, eyni zamanda, ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə bütün hədəf qrupları nəzərə alınmaqla həyata keçirilən ölkəmiqyaslı maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev kiberdələduzluq hallarının qarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlərdən söz açan Baş İdarə rəisi bu sahədə işlərin daha da gücləndirilməsi üçün birgə səylərin artırılmasının və qarşılıqlı əlaqələrin yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətli olduğunu bildirib.

Görüş çərçivəsində kibercinayətkarlıqla mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti