Bakı. Trend:
Bu ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 50,328.1 mln. manat, cəmi öhdəlikləri 44,086.3 mln. manat, balans kapitalı 6,241.8 mln. manat olub
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İyun ayında bank sektorunun cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 2,4% və 3% artıb, balans kapitalı isə 1.4% azalıb. Balans kapitalının azalması dividend ödənişləri ilə bağlı olub.
Bu dövrdə bankların kredit portfeli 1,1% və ya 271.3 mln. manat artaraq 25,429.5 mln. manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.6% (13,874.8 mln. manat); ıı) istehlak kreditləri – 30% (7,633.8 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (3,920.8 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,6 faiz bəndi azalaraq 1.7% təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.8%-i və ya 35,185 mln. manat. Depozit portfelinin 60.6%-i (21,304.8 mln. manat) hüquqi şəxslərin, 39.4%-i (13,880.3 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir
Fiziki şəxslərin əmanətləri (müddətli + cari hesablar) iyun ayında 3.6% və ya 480.7 mln. manat artmışdır. Artımın 86.5%-i (415.8 mln. manat) milli valyutada, 13.5%-i (65 mln. manat) xarici valyutada əmanətlər üzrə olub.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9,100.4 mln. manat) milli valyutada, 34.4%-i (4,779.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7,750.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16,252.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil edib.
Altı ayda banklar tərəfindən 614 mln. manat xalis mənfəət, 875.5 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.