Bakı. Trend:
Sumqayıt Kimya Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 10,2 milyon manat investisiya yatırılacaq.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov məlumat verib.
O bildirib ki, Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib: “Bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində istehsal gücü ildə 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodunun inşası nəzərdə tutulur”.
“İnvestisiya dəyəri 10,2 milyon manat olan layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur”, - deyə E. Kazımov qeyd edib.